Çexiya "Avroviziya 2025"də ölkəni təmsil edəcək ifaçını açıqlayıb. Bu il Çexiyanın Avroviziyada təmsilçilik yükünü gənc slovak müğənni və bəstəkar Adam Pavlovçin (səhnə adı ilə ADONXS) öz üzərinə götürəcək.
"ADONXS"un seçimi bir çox cəhətdən əlamətdardır. Çexiyanın dövlət kanalı CT bu il müsabiqəyə təmsilçisini daxili seçimlə müəyyənləşdirib və bu qərar, ölkənin son illərdə Avroviziyada qazandığı uğurların davamı kimi qiymətləndirilir.
Adam Pavlovçin üçün Avroviziya sadəcə bir iştirak deyil, uşaqlıqdan qurduğu böyük bir arzu idi. O, müsabiqəyə bir neçə mahnı təqdim edib və bunlardan biri ilə ölkəsini təmsil etmək hüququ qazanıb. "ADONXS"un öz sözləri ilə desək:
“Bu, hər zaman arzusunda olduğum bir məqam idi. Həm sevincli, həm də məsuliyyət doluyam, çünki doğma ölkəmi təmsil etmək böyük şərəfdir.”
"ADONXS"un təqdim edəcəyi mahnı barədə bəzi məqamlar açıqlanıb. Mahnının cəsarətli, sinematik və eyni zamanda rəqs atmosferi yaradan bir üsluba sahib olduğu bildirilir. Bu yanaşma, Çexiyanın Avroviziya səhnəsində müasir və fərqli bir sima yaratmaq niyyətini gücləndirir.
Adam Pavlovçin 13 sentyabr 1995-ci ildə anadan olub. O, Londonda fəaliyyət göstərən "PACE" adlı alternativ musiqi qrupunun keçmiş solisti olub. Daha sonra solo karyerasına başlayaraq, xüsusilə 2021-ci ildə qazandığı "Superstar" yarışması ilə geniş tanınıb. 2022-ci ildə təqdim etdiyi “Moving On” adlı sinqlı ilə böyük bir müvəffəqiyyət qazanıb.