top of page
Tərlan İskəndərov

Məşhur serial "Squid Game" ikinci mövsümdə Netflix üçün yeni bir rekorda imza atdı.

Rejissorluğunu Hvanq Donq-Hyukun etdiyi, Emmy mükafatı qazanan və Netflix-in ən çox izlənən serialı olan “Squid Game” ikinci mövsümü ilə geri qayıdıb.

Serialın 26 Dekabrda yayımlanan 2-ci mövsümü, yalnızca üç gündə 68 milyon izləyiciyə çataraq böyük bir uğura imza atdı. Bu həftə, 92 ölkədə Netflix-də birinci pilləyə yüksələn serial, yalnız bununla kifayətlənmədi bir həftə ərzində ən çox izlənilən serial olaraq, Wednesdayin rekordunu da qırdı.


Yeddi bölümdən ibarət olan bu mövsüm, ilk mövsümün təsirli mövzularını daha da dərinləşdirərək, cəmiyyətin qaranlıq tərəflərini və insan təbiətinin mürəkkəbliyini əks etdirir.


Baş qəhrəman Sonq Gi-Hun (456 nömrəli oyunçu) ilk mövsümdə qazandığı böyük pul mükafatına baxmayaraq, “Bu pullarda o insanların qanı var” düşüncəsi ilə oyunu təşkil edənlərin izinə düşür. Lakin sonda özünü yenidən 456 nömrəli oyunçu kimi oyunda tapır. Bu mövsüm, Gi-Hunun oyunu dayandırmaq cəhdləri və onun daxili mübarizəsini əks etdirir.


Netflix və Cənubi Koreya istehsalı olan serialın ikinci mövsümündə görünən odur ki, rejissorlar yeni nəsildə maraq oyatmaq üçün Cənubi Koreyanın məşhur musiqi qrupu BigBang-in solisti Çoi Seunq-Hyunu (T.O.P) Tanos adlı xarakter kimi seriala əlavə ediblər. Tanos, parlaq bənövşəyi saçları və özünəməxsus şəxsiyyəti ilə diqqət çəkən, oyunda iştirak edən bir reperdir.




Bununla yanaşı, hər bir layihəsində LGBTQ+ icmasına yer verən Netflix bu mövsümdə oyuna transgender bir qadın iştirakçı da əlavə edib.



İkinci mövsüm, yeni oyunlar və iştirakçılarla zənginləşdirilərək tamaşaçılara daha gərgin və düşündürücü anlar təqdim edir. Serialın rejissoru Hvanq Donq-Hyuk, bu mövsümdə insan təbiətinin dəyişməzliyini və cəmiyyətin qaranlıq tərəflərini daha da vurğulayır. Mövsümün sonunda baş verən hadisələr, üçüncü mövsüm üçün maraqlı bir zəmin yaradır. Həmçinin, serialın rəsmi İnstaqram hesabı növbəti mövsümün 2025-ci ildə yayımlanacağını bəyan edib.

bottom of page