Aygün Kazımova uzun müddətdir üzərində işlədiyi "S.O.S" adlı yeni layihəsini təqdim edib.
Ekran işində Kazımovanı "Vogue" tərzində rəqs edən 15 rəqqas müşayiət edib. Ümumilikdə isə kifayət qədər iddialı olan layihə üzərində 60 nəfərdən ibarət yaradıcı heyət iştirak edib.
Maraqlı bir faktı da qeyd edək ki, bu günə qədər ölkəmizdə "Vogue" rəqs tərzinə müraciət edən ifaçı olmayıb. Bununla da pop ulduz klipində bu tərzə müraciət edən ilk müğənni olub.
Həmçinin ekran işində "Queer" mədəniyyətinə və "Drag Queen" elementlərinə də yer verilib. Klipdə yer alan əsas insanlardan biri də dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıldır. O çəkiliş zamanı sənətkarı tək qoymayıb.
Mahnının sözləri Orxan Qarabasmaya, musiqisi Kazımcana məxsusdur. Klipin rejissoru isə Selim Akardır.
Klip təqdim olunan müddətdən 24 saat keçməmiş ölkənin "YouTube" trendinə daxil olub və 10 saatdan az bir müddətdə 100 mindən çox baxış toplayıb.