5 yanvar gecəsi Los-Ancelesdə baş tutan 82-ci Qızıl Qlobus mükafat mərasimi Hollywood-un parlaq ulduzlarını bir araya gətirdi. Tədbir həm kino, həm də televiziya sahəsində ilin ən möhtəşəm əsərini mükafatlandırdı. İlk dəfə aparıcılıq edən Emmi və Qremi namizədi komediyaçı Niki Qleyser mərasimə öz yumoru və enerjisi ilə rəng qatdı.
Gecənin diqqət mərkəzində iki ad var idi: Netflix-in inqilabi musiqili-komediya filmi "Emilia Pérez" və FX-in epik televiziya serialı "Shōgun". Hər ikisi mükafatların dördünü qazanaraq öz sahələrində üstünlük göstərdi.
“Emilia Pérez” – Meksikalı narkotik karteli başçısının gender uyğunlaşdırma əməliyyatından sonra həyatını dəyişən hekayəsini rəqs və musiqi ilə təqdim edən bu film – ən çox, 10 nominasiyada irəli sürülmüşdü. Film gecənin sonuncu və ən prestijli mükafatı olan Ən Yaxşı Musiqili və ya Komediya Filmi kateqoriyasını qazandı.
Televiziya tərəfdə isə "Shōgun", feodal Yaponiyada keçən epik bir dastan olaraq, ən çox mükafat qazanan serial oldu. Həmçinin "The Bear" serialı, Çikaqo restoranında baş verən dramatik hadisələrə işıq salan güclü bir portret kimi, TV kateqoriyalarında diqqət çəkdi.
Mükafat gecəsi həm təcrübəli, həm də yeni simaları bir araya gətirdi. İlk dəfə namizəd olan Adam Brodi, Ariana Qrande, Dakota Feninq, Glen Povel, Ketrin Han, Pamela Anderson və Zoe Saldana kimi adlar təntənə ilə təqdim edildi. Bununla yanaşı, Selena Qomez, Keyt Vinslet və Sebastyan Sten kimi tanınmış aktyorlar bu il iki kateqoriyada namizəd göstərilmişdi.
Tanınmış aktrisa Viola Deyvis kinematoqrafiyaya verdiyi töhfələrə görə "Cecil B. DeMille" mükafatına layiq görüldü. Televiziyanın unudulmaz simalarından Ted Danson isə Carol Burnett mükafatı ilə təltif edildi.
Hollivudun parlaq simaları – Demi Mur, Dueyn Conson, Endryu Qarfild, Keyli Kuoko, Keyt Hadson, Zoi Kravitz, Şaron Stoun, Salma Hayek, Nikolas Keyc, Elton Con, Qal Qadot, Mindi Keylinq və Kerri Vaşinqton – təqdimatçı qismində səhnəyə çıxdılar.
Qızıl Qlobus 2025 təkcə mükafatların deyil, həm də ilhamverici çıxışların, möhtəşəm dəbin və sənət dünyasının yeniliklərinin bayramı oldu. Bu ilki qaliblər bir daha göstərdi ki, kinematoqrafiya və televiziya dünyası hər zaman sərhədləri aşmağa qadirdir.